"Uşaqpulunun verilməsini istəməyən o kürsüdə oturmasın" - Günay Ağamalıya sərt etiraz

22 May 2026
6a0f67a4c9414202605261428
103

Milli Məclisin deputatı Günay Ağamalı bildirib ki, hazırda ölkədə uşaqpulu məsələsi geniş şəkildə gündəmdə deyil və ailələrə artıq müxtəlif sosial müavinətlər təqdim olunur. Onun sözlərinə görə, valideynlər uşaq dünyaya gətirərkən dövlətdən maddi gözlənti içində olmamalıdır. Deputat hesab edir ki, daimi uşaqpulu bəzi hallarda insanlarda asılılıq və tənbəllik yarada bilər.

Deputatın fikirlərini Redaktor.az-a şərh edən tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirdi ki, bu fikirlərlə qəti razılaşmır:

“Yox, düz demir. Minlərlə ailə uşaqpulunu necə gözləyir, necə ona möhtac qalır. Bu fikir deputata yaraşmayan fikirdir. O uşaqpulu uşağın nə dərman xərcinə, nə də düzgün qidalanmasına çatır. Hazırda Azərbaycanda həqiqətən də hər şey günü-gündən bahalaşır. Bu xəbəri oxudum, çox əsəbləşdim. Ölkəsinin ailələrini tanımayan, insanların həyatını, bugünkü vəziyyətini bilməyən biri deputat kürsüsündə oturmamalıdır. Deputatı xalq seçməlidir, o seçilməyib, təyinat alıb. Necə belə ailələr haqqında bilib-bilmədən, haqsız yerə danışır, başa düşə bilmirəm".