Təyyarə silkələndi, sərnişinləri sakitləşdirdim - 4 dil bilən Milli Qəhrəman Hökumə Əliyeva barədə maraqlı faktlar

09 Noyabr 2025
691052723ff94202511253602
1255
Hökumə Əliyeva Kəlbəcərin Susuzluq kəndində doğulmuşdu. İki yaşında doğma yurdundan məcburi köçkün düşmüşdü. 
O, qeyri-adi yaddaşa və biliyə malik olub. Orta məktəbdə oxuyanda biliyinə və çalışqanlığına görə bütün sinif yoldaşlarından fərqlənirdi. 
Xaraktercə çox mülayim, mehriban imiş. 
O, yüksək (612) balla BDU-nun hüquq fakültəsinə daxil olmuşdu. Bu, Hökumənin gənc qohumlarını çox həvəsləndirmişdi. Onlar da ali təhsil almağa həvəslənmişdilər. Hökumə Əliyevanın elmi dərəcə almaq üçün dissertasiya müdafiə etməsinə çox az qalmışdı. Əzmlə oxuduğu doktorantura təhsili üzrə diplomunu almaq ona qismət olmadı. 
Hökumə Əliyeva fransız, rus, ingilis, hətta yəhudi dilini mükəmməl bilirdi. Bununla belə, evdə asudə vaxtlarında digər dilləri də öyrənirmiş. O, həyat yoldaşına əcnəbi dilləri öyrənməyi təklif edib və söz verib ki, dil öyrənməkdə ona kömək edəcək. 
Həyat yoldaşı Etibar Əliyev: “2019-cu ildə tanış olsaq da müharibə, pandemiya və digər səbəblərdən 2 il sonra ailə qurduq. Çox xoşbəxt idik. Təbii, hər ailədə müəyyən çətinliklər olur, amma çətinliklərin öhdəsindən çox yaxşı gəlirdik. Hökumə oxumağa, elmə üstünlük verirdi. Asudə vaxtlarında kitab oxuyurdu”. 
O, son vaxtlar uşaqlar üçün kitab yazırdı. 
Hökumə Əliyevanın həyat yoldaşına dediklərindən: “Təyyarə səmada olarkən müəyyən hava boşluqları olur. Belə olduqda təyyarə silkələnməyə başlayır, sərnişinlər təşvişə düşür. Mən onda da hər kəsi sakitləşdirmişəm. Hamıya hər şeyin yaxşı olacağını bildirmişəm”.
Lakin növbəti belə hadisə zamanı hamını sakitləşdirsə də, qəza labüd oldu. O, cəsarəti və fədakarlığı ilə Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı oldu. Ən böyük arzularından biri ana olmaq idi, istəyi ürəyində qaldı.
Polşada adına təqaüd proqramı təsis olunub. Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Hökumə xanımın adı verilib.
Müəllif/ Anar Tağıyev