Qurban Qurbanov məğlubiyyətə görə üzr istəməli idi - Şok sözlər

20 Fevral 2026
6991851d070b1202602263437
764

“Dünənki oyundan sonra Qurban Qurbanovun “CBC Sport” kanalına verdiyi müsahibədə “Qarabağ” klubunun azarkeşlərindən - həm televiziya qarşısında əyləşənlərdən, həm də stadiona gəlmək üçün az məbləğ ödəməyənlərdən üzr istəyəcəyini gözləyirdim”.

Bu sözləri memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev qeyd edib. O, Qurban Qurbanovun üzr istəməməsinə görə, məyus olduğunu bildirib:

“Bu, futboldur, böyük hesablı məğlubiyyətlər bəzən güclü və tanınmış komandaların da başına gəlir. Lakin belə alçaldıcı oyundan sonra çoxsaylı azarkeşlərə hörmət əlaməti olaraq, baş məşqçi üzr istəməli idi. Təəssüf ki, bu baş vermədi.

Biz hələ də öz hərəkətlərimizə görə məsuliyyət daşımağa, səhvlərimizi etiraf etməyə və buna görə üzr istəməyə alışmamışıq. Heç nə baş verməyibmiş kimi davranmaq daha asandır. Komandanın əslində kimlər üçün mövcud olduğunu nəzərə alıb hörmət göstərməkdənsə, ciddi görkəm saxlamaq daha asandır”.

Qeyd edək ki,  ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan "Qarabağ" 1:6 hesabı ilə uduzub.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq. / Ölkə.az