Mənə intim təkliflər edirlər: Deyirlər ki... - Faiqdən şok etiraf

16 Fevral 2026
699235858faf1202602260717
502

Xalq artisti Faiq Ağayev Kult.az-a müsahibə verib. 

Həmin müsahibənin bir hissəsini təqdim edirik:

- Faiq bəy, təhsilinizi aktyorluq üzrə almısınız. Niyə davam etmədiniz?

- Əslində, indiyə kimi davam edirəm. Konsertlərim, kliplərim, hər çıxışım bunu təsdiqləyir. Hə, bəlkə dramatik aktyor kimi yox, amma ixtisasıma görə musiqili teatr aktyoruyam, o istiqamətdə realizə etdim özümü.


- Sosial şəbəkədə də kifayət qədər aktivsiniz. Necə düşünürsünüz, bunun ziyanı nədir? Məşhurluğu nəzərə alsaq, insanlardan qəribə mesajlar alırsınızmı?

- Mən “Xalq artisti” adını “xalqın artisti” kimi qəbul edirəm. “Əsl sənətkar əlçatmaz olar” fikrini qəbul etmirəm. Bir dəfə kimsə demişdi ki, həyətə çıxmıram ki, birdən məni görərlər. Mən əzəldən mağazaya da gedirəm, kiçikmiqyaslı salonlarda da çıxış edirəm. Mənim üçün hər yer səhnədir - Rusiyada çıxış etdiyim 45 min yerlik Olimpiya stadionu da, Bakıda 50 nəfərlik məclis də. Bu mənada əlçatan olmağa çalışıram. “Facebook” dostlarımın ad günü olanda təbrik edirəm. Sosial şəbəkələr sənətin insanlara yaxınlaşması üçün xidmət göstərir. “Səhnədə olanda mənə yaxınlaşa bilmirsiniz, amma sizin yanınızdayam” deməkdir.

- Bəs qəribə mesajlar necə?

- Doludur. Xüsusi ilə də “Instagram”da.

- Məsələn…

- İntim təklif edənlərdən “gəl təhsil haqqımı ödə” əmr edənlərə qədər. Elə bil, nəsə alıb-edəndə məndən soruşub, indi də mənə “ödə” deyir.

- Faiq bəy, haqqınızda çox iddialar olub. Geyiminizdən, hərəkətlərdən, görünüşünüzə qədər. Narahat olursunuzmu? Biri deyir qaş alır, biri deyir belə geyinir.

- Qətiyyən narahat deyiləm. İnsan bilmədiyinin düşmənidir və nəyə inanmaq istəyirsə, ona da inanır. Haqqımda mənfi danışan adamlar məni tanısa, bilərlər ki, yanlış hərəkət edirlər. Haqsızcasına ünvanıma təhqir səsləndirənlər küçəyə atılan siqaret kötüyü kimidir mənim üçün, qaragüruhdur.


- Faiq bəy, birdən səsiniz batsa necə? Heç olmasa, Niyam Salami kimi bir obyektiniz varmı?

- Çox təəssüf, yoxumdur, yeganə gəlir yerim musiqidir. Çox istəyərdim olsun. Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərinə bağlıdır, bir təhlükəsizlik yastığın olsun. Bəlkə də sovet insanlarının təfəkküründəyəm ki, sonuna kimi sənət məni dolandıracaq. Hələ ki, maşallah, dolandırır. Həmkarlarımın çoxunun, göz dəyməsin, turizm şirkətləri, restoranları, salon və mağazaları var. Bu çox əladır. İraq olsun, səsim batsa, oxuya bilməsəm, dərs deyərəm, prodüser olaram, inzibati işlərlə məşğul ola bilərəm.