Mehdiyevin evindən tapılan 17 milyonunun aqibəti nə olacaq?

13 Fevral 2026
698f71e4b7617202602264804
265

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Ramiz Mehdiyevin 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırması ilə bağlı məlumat yayıb. Bəs sözügedən vəsaitin hüquqi aqibəti necə olacaq?

Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından həmin vəsaitin artıq müsadirə edildiyini söyləmək düzgün deyil. Onun sözlərinə görə, hər hansı şəxsin əmlakı yalnız məhkəmə qərarı əsasında əlindən alına bilər.

“Əgər məhkəmə tərəfindən müsadirə barədə qərar qəbul edilərsə və bu qərar qanuni qüvvəyə minərsə, həmin əmlak dövlət mülkiyyətinə keçirilir. Bu halda vəsait dövlət büdcəsinə daxil edilir və onun istifadəsi hər il qəbul olunan dövlət büdcəsi haqqında qanuna uyğun müəyyənləşdirilir”, – deyə hüquqşünas vurğulayıb.

Qeyd edək ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin əmlakının müsadirəsinin icrası yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və müvafiq normativ qaydalara uyğun aparılır.

 / Metbuat.az