Hansı divara ehtiyacını ödəyən bir gic, ağzının danışığını bilməyən, tərbiyədən yanıq varsa efirə çıxarırlar - Muraddan şok sözlər

22 Fevral 2026
699abfaaf28f3202602263450
134
Efirlər sanki pusqudadır, hansı divara ehtiyacını ödəyən bir gic, ağzının danışığını bilməyən, tərbiyədən yanıq varsa, dərhal tapıb, musiqi-əyləncəli adıyla xalqa təbliğ edirlər!

Ümumiyyətlə niyə çirkin əyləncə həddi-miqdarının belə aşılmasına göz yumulur?

Niyə hər özəl kanal gün ərzində 12-15 saat, canlı yayımda "müğənni" danışdırır?

Niyə müğənnidən başqa mövzu tapılmır, çəkməyə, danışmağa, göstərməyə?!

Bu qədər bacarıqsız kanalların çoxluğu nəyə xidmət edir?

Televizyonçuluq, jurnalistika, media-kontent dedikdə, "manıs" laqqırtısından başqa nəsə təsəvvürünüzə gəlir ya yox?

Məqsəd nədir?

Bəsdirin də! 

Musiqili-əyləncəli saatlar azaldılsın!

Hər yetən, yerini azan aparıcı yaxud müğənni kimi evimizə, efirlərimizə soxulmasın! Qaytarın klip saatlarını, adamlar yaradıcılıqla məşğul olsun!

Efirin pulu yoxdursa, kanal "kanalizassiya" olmalıdır? Belə məntiq olur? "Kanal dolanmalıdır" düşüncəsiylə bunları niyə açırsınız dalbadal?! Niyə bu qədər çoxaldı bunlar?!

Bu çoxluq nəyi çoxaldır, görmürsünüzmü? 
Bəlkə bağlayasınız bu "tualetin qapısını"?! Bu üfunət zəngin mədəni irsimizə, zəfərimizə, dünya arenalarında iştirakımıza, ölkəmizin, şəhərimizin yarışlarına, tədbirlərinə, əzəmətinə, Azərbaycanın mövqeyinə yaraşırmı? 

Bir normal estrada müğənnisi klip saatı tapmır ki, öz musiqisini təbliğ etsin, bilirsiniz? Qonşu ölkələrdə, peykdə MUZTV, MCM, MTV, DREAM türk, POWER turk kimi klip kanallarına baxıb köks ötürürük... Niyə ölkəmizin keyfiyyətli pop-musiqi kanalı olmasın?!

Biz sənətçilər ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik! Bu verilişlərə çıxmaq normal sənətçi üçün ayıbdır e, ayıb... 

Mən özüm 20 il TV-də çalışmışam. Radio verilişlərimdə milli-pop təqdim etmişəm, SOLO-da sənətkarlarla sənətdən danışdım, QARAJ-da rok, alternativ musiqi, dünya musiqisi təbliğ etdim...
Abır vardı, həya vardı, "KOMMERÇESKİ" müğənniləri belə seçib-seçib, danışığına, görkəminə, aranjimanına baxıb efirə verərdik. Hanı o seçkinlik? Hanı o qırmızı xətt? Kanalların bədii şurası nooldu?!! Bu nə özbaşınalıqdır?
(C) Murad Arif