Aparıcılardan sonra növbə onlara çatdı: Onlar da efirdən yığışdırılır

18 Mart 2026
69bac84489fbf202603264404
255
Ölkədə fəaliyyət göstərən özəl telekanallar özlərinin kadr və proqram dəyişiklikləri ilə bağlı müvafiq qərarlar qəbul ediblər.
Bu gündən etibarən ATV-də Əməkdar jurnalist Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən”, ARB-də isə tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılacaq. Bundan əvvəl isə sosial verilişlərin aparıcıları Elgiz Əkbər və Tolik efir məkanından uzaqlaşdırılmışdı.
Əldə etdiyimiz məlumatlara görə, telekanallarda islahatlar bununla məhdudlaşmayacaq. Bütün telekanal rəhbərlərindən özlərinin yayım siyasətinə yenidən baxmaq tələb olunub. Əsas tövsiyələrdən biri xəbər bülletenlərinin və ictimai-siyasi proqramların efir saatını artırmaq olub. Bundan sonra telekanalların yayım siyasətində ictimai-siyasi yükü olan verilişlər, analitik və müəllif proqramları üstünlük təşkil edəcək. Ucuz şoular tədricən efirdən yığışdırılacaq. Cəmiyyətdə ictimai reputasiyası ləkəli olan müğənnilərin efirə çıxışı dayandırılacaq.
Məlumatlara görə, seriallarla bağlı da ciddi dəyişikliklər gözlənilir. Telekanal rəhbərlərinə milli-mənəvi dəyərlərə zidd olan, ailə institutunu zədələyən serialların yayımının dayandırılması məsləhət görülüb. Bu yenilikləri etmək üçün televiziya rəhbərlərinə aprel ayının sonuna kimi vaxt verilib. / Metbuat.az